CƏMİYYƏT
Avstraliya və Okeaniya ölkələri üzrə Azərbaycan diasporunun yeni hədəfləri müzakirə edilib
Bakı, 14 may, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşkilatçılığı ilə Avstraliya İttifaqı və Yeni Zelandiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları nümayəndələrinin onlayn formatda görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə bu qitədə yaşayan soydaşlarımız və həmvətənlərimiz, Avstraliyada fəaliyyət göstərən Avstraliya Azərbaycanlılarının Mədəniyyət Assosiasiyasının, Avstraliya Azərbaycanlıları Assosiasiyasının, Kuizlənd Azərbaycanlıları Cəmiyyətinin, Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyasının, Yeni Zelandiyadan isə “Azəri” Yeni Zelandiya-Azərbaycan Dostluq Cəmiyyətinin rəhbərləri və fəal üzvləri iştirak ediblər.
DİDK-nın sədr müavini Elşad Əliyevin moderatorluğu ilə baş tutan tədbirdə Dünya Azərbaycanlılarının V Qurultayında Azərbaycan diaspor təşkilatları qarşısında müəyyənləşdirilən strategiya və yeni hədəflərə diqqət cəlb edilib. Sözügedən ölkələrdə məskunlaşan, həmçinin fəaliyyət göstərən azərbaycanlıların birliyinin, həmrəyliyinin gücləndirilməsi, milli-mənəvi dəyərlərin qorunub saxlanılması məqsədilə Avstraliya və Okeaniya ölkələri üzrə Koordinasiya Şurasının təsis olunması, eyni zamanda, həftəsonu Azərbaycan məktəbinin açılması müzakirə edilib. Diaspor nümayəndələri Avstraliyada Azərbaycan Evinin açılması təklifini irəli sürüblər.
Qeyd edək ki, DİDK-nın Asiya, Avstraliya və Okeaniya ölkələri üzrə şöbəsinin əməkdaşlarının iştirak etdiyi onlayn görüşdə perspektivlərə dair fikirlərin ümumiləşdirilərək konseptual proqramın ərsəyə gətirilməsi qənaətinə gəlinib.