SİYASƏT
Avstriya-Azərbaycan parlamentlərarası qrupunun Dağlıq Qarabağdakı hadisələr barədə məlumatları həqiqəti əks etdirmir
Vyana, 4 oktyabr, AZƏRTAC
Avstriyadakı səfirliyimiz “Twitter” mikrobloqunda Avstriya Parlamentində Cənubi Qafqaz üzrə qrupun hazırda Azərbaycanda baş verən hadisələrlə bağlı düzgün məlumatlı olmamaqda qınayıb.
AZƏRTAC xəbər verir ki, səfirliyin tvitində ilk olaraq son günlərdə baş verən hadisələrə nəzər salınıb, sentyabrın 27-dən bəri Ermənistanın təcavüzü nəticəsində 20 mülki şəxsin həlak olduğu və 70-dən artıq şəxsin yaralandığı, yaşayış məntəqələri və mülki infrastruktura ciddi zərər dəydiyi qeyd edilib.
Həmçinin bildirilib ki, BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə edərək regional sülh və sabitliyə böyük təhlükə törədən Ermənistanın hərbi təcavüzü və Ermənistan qoşunlarının Azərbaycanda mövcudluğuna son qoymaq məqsədilə müvafiq tədbirlər görməyə məcbur oldu. Azərbaycan daha öz ərazilərinin Ermənistan tərəfindən işğalına və onun apardığı təxribatlara dözmək istəmir. Azərbaycanın bu məqsədə nail olmaq üçün peşəkar və yüksək təlim görmüş ordusu vardır və öz ərazilərini erməni işğalçı qoşunlarından təmizləmək üçün Azərbaycanın nə muzdlulara, nə də digər dövlətlərin yardımına ehtiyacı yoxdur.
Daha sonra qeyd edilib ki, oktyabrın 4-də Ermənistan döyüş meydanlarından uzaqda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni raketlərlə atəşə tutub. Bu zaman Ermənistanın məqsədi döyüşləri öz dövlət ərazisinədək genişləndirmək və bu yolla da üçüncü dövlət və təşkilatları münaqişəyə cəlb etməkdir. Bu addım beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə pislənməlidir.
Səfirliyin məlumatında Avstriya-Cənubi Qafqaz parlament qrupunun rəhbəri Qudrun Kuqlerin Ermənistan və Azərbaycan münaqişəsinə dair bəyanatının da təəssüf doğurduğu qeyd edilib. Bildirilib ki, deputat Q. Kuqlerin bəyanatının onun həqiqətən də nə baş verməsi barədə ətraflı məlumatının olmadığı təəssüratını yaradır. Səfirlik Ermənistanla əlaqədar Kuqlerin təqdim etdiyi tarixi fiksiya və siyasi dəyərləndirmənin qəbuledilməz olduğunu ifadə edib.
Parlamentarinin diqqətinə çatdırılıb ki, ondan fərqli olaraq Alman Bundestaqında Cənubi Qafqaz üzrə parlament qrupunun rəhbəri Barbara Hendriks bu münaqişədə beynəlxalq hüququn birmənalı şəkildə Azərbaycanın tərəfində olduğunu və Ermənistanın bu münaqişə ilə əlaqədar regionda beynəlxalq hüququn tətbiqini qəbul etmir.
Yekunda qeyd edilib ki, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov dəfələrlə deputat Q. Kuqlerə baş verən ən yeni hadisələr barədə ilkin mənbədən məlumatın əldə edilməsi üçün Avstriya-Cənubi Qafqaz parlament qrupunun üzvləri ilə videokonfrans keçirilməsini təşkil etmək təklifini verib. Səfirlik bu təklifi ictimai şəkildə elan etməklə, parlament qrupunu videokonfransa dəvət edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana