DÜNYA


Avstriya əhalisi qeyri-sağlam həyat tərzinə görə tənqid olunub

Vyana, 27 noyabr, AZƏRTAC

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) növbəti illik “Sağlamlığa baxış” adlı hesabatını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Avropa ölkələrində səhiyyə sisteminin vəziyyəti və sağlamlığın qorunması üçün görülən tədbirlər əsasında tərtib olunan hesabatda Avstriya bu il də ürəkaçan mövqe tuta bilməyib. Bu ölkədə psixi xəstəliklər, eləcə də spirtli içkilərdən, nikotindən həddən artıq istifadə və qeyri-sağlam qidalanma ön planda dayanıb.

Avropa İttifaqında yaşı 18-dən yuxarı əhalinin orta hesabla 20 faizi siqaret çəkdiyi halda, Avstriyada bu göstərici 25 faizdir. Bununla da ölkə Mərkəzi və Qərbi Avropa ölkələri arasında arzuolunmaz birinci yerdə qərarlaşır. Avropada ən az siqaret çəkənlər İsveçdə (11 faiz), ən çox siqaret çəkənlər isə Bolqarıstanda (28 faiz) yaşayır.

Spirtli içkilərin qəbulunda da Avstriyanın vəziyyəti ürəkaçan deyil. Yaşı 18-dən yuxarı əhali adambaşına il ərzində orta hesabla 11,4 litr alkoqol qəbul edir. “Şərab ölkəsi” sayılan Fransada bu göstərici 11,7 litrə bərabərdir. Stereotiplərə rəğmən, Avropada ən az alkoqol istehlakı Yunanıstan (adambaşına 7 litr) və İtaliyanın (7,1 litr) payına düşür.

Avstriya Həkimlər Palatasının prezidenti Tomas Sekeres hesabatın nəticələrini mətbuat üçün şərh edərkən bildirib ki, bu göstəricilər Avstriyada səhiyyə siyasətinin sağlam həyat tərzi və zərərli vərdişlərə qarşı profilaktik tədbirlər istiqamətində tutarlı nəticələr vermədiyini sübut edir. Bu sahədə ictimai-iaşə obyektlərində tütün məmulatlarının qadağan edilməsi haqqında qanunun qüvvəyə minməsindən əvvəl ləğv edilməsi ən bariz nümunə sayıla bilər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.