DÜNYA
Avstriya və Rusiyanın energetika şirkətləri gələcəkdə daha sıx əməkdaşlıq edəcəklər
Vyana, 4 oktyabr, AZƏRTAC
Avstriyanın “OMV” şirkəti və Rusiyanın “Qazprom” konserni gələcəkdə daha sıx əməkdaşlıq edəcək. Bu məqsədlə oktyabrın 4-də hər iki şirkət arasında “Strateji tərəfdaşlığa dair niyyət bəyannaməsi” imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənəd Avstriyanın federal kansleri Sebastian Kurtsun Rusiyaya rəsmi səfəri çərçivəsində imzalanıb. Sənədə əsasən, hər iki şirkət Rusiya qazının Avstriyaya uzunmüddətli hədəfdə, yəni 2040-cı ilədək nəqli üçün strateji tərəfdaşlıq edəcək. Bu məlumatı Rusiya dövlətinin başçısı Vladimir Putin də Sebastian Kurts ilə birgə mətbuat konfransında açıqlayıb. Eyni zamanda, şirkətlər arasında yaradılacaq birgə əlaqələndirmə komitəsi təkcə “mavi yanacaq” quyularının istismari və emal məsələləri ilə deyil, həmçinin bu sahədə texnologiya mübadiləsi, tədris və ixtisasartırma məsələləri ilə məşğul olacaq.
Avstriyanın federal kanslerinin Rusiyaya səfəri çərçivəsində “OMV” və “Qazprom” şirkətləri arasında Sibirdə yerləşən “Urenqoy” qaz yatağının “Aximov IV/V” layihəsinin 24,98 faiz payının alqı-satqısına dair razılıq da əldə edilib. Məbləğ barədə mətbuata heç nə açıqlanmasa da, mütəxəssislər razılaşmanın azı bir milyard avroya başa gələcəyini ehtimal edirlər. Payların alınmasına dair müqavilə isə gələn il imzalanacaq. Hələ 2016-cı ildə hər iki şirkətin razılaşmasına görə, “Qazprom” bu satışın əvəzində Avstriya şirkətinə məxsus “OMV Norge” şirkətinin 38,5 faiz paylarını almalı idi. Lakin Norveç hökumətinin bu mübadiləyə razılıq verməməsi tərəfləri birbaşa satış yolunu seçməyə vadar edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana