DÜNYA
Avstriyada COVID-19 pandemiyası nəticəsində iş yerlərini itirənlərin əksəriyyəti qadınlardır
Vyana, 16 iyul, AZƏRTAC
Koronavirus pandemiyası nəticəsində Avstriyada işsizliyin səviyyəsini İkinci Dünya müharibəsindən sonra ən yüksək həddə çatıb. Müəyyən edilib ki, işsizlərin arasında qadınların sayı kişilərlə müqayisədə qat-qat çoxdur. Buna səbəb isə daha çox qadınların işlədiyi sahələrin (ticarət obyektləri, otel və qastronomiya, təlim-tərbiyə, səhiyyə və sosial xidmətlər) pandemiyaya görə fəaliyyətini dayandırması olub.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı Məşğulluq Bazarı Xidməti yayıb. Qeyd edilib ki, bu il fevralın sonunda, yəni pandemiya ilə məhdudiyyətlərin tətbiqindən bir qədər əvvəl ölkədə işsizlərin sayı 399 min 359 nəfər olub. İyunun sonunda isə bu rəqəm 463 min 505 nəfərə çatıb. Koronavirus pandemiyası dövründə işini itirən 64 min 146 nəfərin əksəriyyəti (54 min 702 nəfər) qadınlardan ibarətdir. Bu da qadınlar arasında işsizliyin səviyyəsinin 85 faiz artması deməkdir.
Avstriya hökumətinin təmsilçisi Meri Disoski statistik göstəriciləri şərh edərkən bildirib ki, ənənəvi olaraq qadınların üstünlük təşkil etdikləri peşə sahələrinin yenidən dəyərləndirilməsi lazımdır. Çünki hazırkı böhran ötən dövrdə qadınlarla bağlı dövlət siyasətində buraxılmış struktur defisitlərini açıq şəkildə nümayiş etdirdi. Buna görə hökumət qadınların texniki peşə sahələrinə yönəlməsi, təkmilləşmə kurslarında iştirakı və əlavə ixtisaslara yiyələnməsi üçün stimullaşdırıcı tədbirlər həyata keçirəcək. O, bu istiqamətlərlə yanaşı qadınların klassik ailə-məişət qayğılarını təkbaşına öz öhdələrinə götürməmələri üçün kişilərə də cəlbedici atalıq məzuniyyəti, iş saatının çevik təşkili və digər imkanlar yaradılmasının vacibliyini qeyd edib.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana