DÜNYA
Avstriyada “fast food” sevərlərin sayı artmaqdadır
Vyana, 12 iyun, AZƏRTAC
Avstriyada insanlar tez hazırlanan yağlı yeməklərə getdikcə daha çox üstünlük verirlər. 2018-ci ildə Avstriyada “fast food” bazarı ciddi şəkildə inkişaf edib.
AZƏRTAC xəbər verir ki, “McDonald's”, “Burger King” və “Subway” kimi tanınmış şəbəkələr gəlirlərini artırdığı halda, kabab və pizza kafelərinin sayı azalıb. Statistikaya görə, keçən il “fast food” restoranlarında 1,25 milyard avro xərclənib və bu göstərici də 2017-ci illə müqayisədə 7,5 faiz çoxdur.
Artıq bir neçə ildir ki, bu tendensiya davam edir. 2012-2017-ci illərdə ölkə ərazisində klassik qəlyanaltıxanaların sayı 10 faiz azalıb, ötən il isə daha 2 faiz azalma qeyd olunub. Ənənəvi sosis köşklərinin sayı ötən ildə 902-dən 712-yə, kabab, pizza və ya Asiya yeməkləri satan köşklərin sayı isə 800-dən 764-ə düşüb. Belə görünür ki, pizza dilimləri, sosislər və kabab get-gedə öz cəlbediciliyini itirir. Ənənəvi köşklər bir tərəfdən reklam bazarında “fast food” şəbəkələri ilə ayaqlaşa bilmir, digər tərəfdən isə supermarket şəbəkələrinin təqdim etdiyi hazır qəlyanaltıların qiyməti ilə rəqabət apara bilmirlər.
Filialların sayının artması ilə yanaşı yeni aksiyalar və dəyişkən menyularla əlavə alıcı impulsunun yaradılması “fast food” şəbəkələrinin inkişafına müsbət təsir göstərir. Aparılan sorğular da müştərilərin ayrı-ayrı köşklərində təqdim olunan qida ilə müqayisədə “sistem qastronomiyası” adlanan “fast food” şəbəkələrinə daha çox güvəndiklərini nümayiş etdirir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana