DÜNYA
Avstriyada pandemiya məhdudiyyətləri mayın ortalarında aradan qaldırılacaq
Vyana, 17 aprel, AZƏRTAC
Hazırda koronavirus pandemiyasının üçüncü dalğasının pik həddini arxada qoyan Avstriyada məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı müzakirələr gedir.
AZƏRTAC xəbər verir ki, iqtisadi dairələr mümkün qədər qısa zamanda məhdudiyyətlərin aradan qaldırılması və iqtisadi həyatın normallaşmasını tələb etsələr də, hökumət bu addımları atmaqda səbirli davranmağa çalışır. Avstriyanın Federal Kansleri Sebastian Kurts ölkədə mədəniyyət və idmandan tutmuş qastronomiya, ictimai-iaşə və turizm sektorları kimi geniş spektrdə müəssisələrin fəaliyyətinin may ayının ortalarında eyni vaxtda bərpa olunacağını elan edib. Vitse-kansler Verner Koqler isə epidemioloji vəziyyətdən asılı olaraq hər sahə üzrə müəyyən məhdudiyyət və yeni qaydaların tətbiq olunacağını da əlavə edib.
Hökumətin müxalifət partiyaları və federal əyalətlərin hökumətləri ilə apardığı məsləhətləşmələrdə vaksinasiya kampaniyası əsas mövzu olub. Hazırda Avstriyanın Avropa İttifaqı ölkələri arasında vaksinasiya səviyyəsinə görə dördüncü yerdə dayandığı, ölkə əhalisinin 7,6 faizinin tam, 18,63 faizinin isə qismən immunlaşdırılması müsbət hal kimi qeyd edilib. Ölkəyə yaxın zamanlarda gətiriləcək əlavə bir milyon doza “BioNTech/Pfizer“ peyvəndləri sayəsində isə iqtisadi həyatın normal gedişata dönüşünə töhfə verəcəyi gözlənilir. S.Kurts ümumi vəziyyətin optimist düşünməyə əsas verdiyini və yay mövsümü öncəsi nəzərdə tutulan hədəflərə çatmaq üçün “cəmi bir neçə metr“ məsafə qaldığını bildirib. Eyni zamanda bildirilib ki, pandemiyanın üçüncü dalğası çərçivəsində bütün ölkə üzrə sərt karantin rejiminin tətbiqinə ehtiyac olmadı, yalnız şərq əyalətlərində belə bir rejim tətbiq edildi. Bu isə ölkənin qərb regionlarında iqtisadi həyatın dinamikasına müsbət təsir göstərdi.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana