DÜNYA


Avstriyada üzünü örtən şəxslər cəzalandırılacaq

Vyana, 22 sentyabr, AZƏRTAC

Avstriyada bu il oktyabrın 1-dən etibarən qüvvəyə minəcək yeni qanuna əsasən ictimai yerlərdə üzünü müxtəlif vasitələrlə örtən şəxslərə qarşı 150 avro məbləğində cərimə tətbiq olunacaq.

AZƏRTAC Avstriya mətbuatına istinadla xəbər verir ki, yeni qanunun din ilə heç bir bağlılığı olmasa da, bu qaydanın, ilk növbədə, müsəlman qadınlara qarşı yönəlməsi ehtimalı etirazla qarşılanıb.

İnsan haqları təşkilatları ilə yanaşı, müsəlman qurumları da yeni qanunu tənqid ediblər. Bununla belə, Avstriya Daxili İşlər Nazirliyindən bildirilib ki, yeni qanun yalnız üzünü örtən və polisin tələbi əsasında sifət cizgilərini göstərməkdən imtina edən şəxslərə şamil olunur. Niqab, burka və digər ənənəvi Şərq-İslam geyimləri ilə yanaşı, adi qrip maskalarını heç bir tibbi göstəriş və xəstəlik olmadan istifadə edən şəxslər də polis tərəfindən saxlanıla bilərlər. Sifətin tam görünməsini təmin edən baş örtükləri isə heç bir məhdudlaşdırılma olmadan istifadə edilə bilər.

Vyana Turizm Cəmiyyəti isə yeni qanunu iqtisadi baxımdan səmərəsiz hesab edir. Qurumdan bildirilir ki, hər il turist gecələmələrinin Vyanada 350 mini, Zaltsburq əyalətində isə 660 mini Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, Livan və İordaniyadan olan turistlərin payına düşür. Bu ölkələrdən olan turistlərin əsas etibarilə yuxarı kateqoriyalı otellərdə qaldığını və turizm gəlirlərinin yüksək olmasında xüsusi çəkisini nəzərə alaraq, yeni qanunun gələcəkdə adıçəkilən ölkələrdən gələn ziyarətçilərin sayına təsir göstərəcəyini ehtimal etmək olar.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.