DÜNYA


Avstriyada yeni koalisiya üçün potensial tərəfdaşlardan biri azalıb

Vyana, 11 oktyabr, AZƏRTAC

Avstriyada keçirilən parlament seçkilərində qalib gələn Avstriya Xalq Partiyası (ÖVP) parlamentdə təmsil olunan bütün partiyalarla ilkin koalisiya görüşləri keçirdikdən sonra potensial tərəfdaşlardan biri növbəti danışıqlarda iştirak etməyəcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlki hökumətdə koalisiya tərəfdaşı olan və seçkilər ərəfəsində yeni hökumət üçün ən uyğun variant hesab edilən sağçı-radikal Avstriya Azadlıq Partiyasının (FPÖ) rəhbəri Norbert Hofer ən azı hazırkı mərhələdə danışıqların faydasız olduğunu və bu prosesdə iştirak etməyəcəklərini bildirib. O, müzakirələrin məzmunundan əlavə olaraq, hazırkı seçkilərin nəticəsinin (16,2 faiz) onun partiyasına hökumətdə birbaşa iştirak üçün legitimlik vermədiyini də etiraf edib. Seçkilərdə mühafizəkarlar və "yaşıllar"ın daha çox seçici rəğbəti qazandığını bildirən N.Hofer növbəti hökumətin "mühafizəkar mantiyaya bürünmüş solçu dönüş" olacağına işarə edib.

Koalisiya danışıqlarının ikinci dövrəsi bazar ertəsi başlayacaq. ÖVP sədri Sebastian Kurts jurnalistlərin suallarını cavablandırarkən FPÖ-nün də növbəti mərhələyə dəvət edilməsi məsələsinə aydınlıq gətirməyib. O, sosial-demokratlar, "yaşıllar" və liberalların prinsip etibarilə növbəti hökumətin qurulmasında maraqlı olduqlarını ifadə edib.

Avstriya Yaşıllar Partiyasının sədri Verner Koqler isə koalisiya danışıqlarının növbəti mərhələsinin daha dərin məzmunlu müzakirələrin aparılmasına tərəfdar olduğunu açıqlayıb.

İndiyədək Avstriya tarixində mühafizəkarlarla "yaşıllar" birgə hökumət qurmayıblar. Ekspertlər qlobal iqlim böhranı və ekoloji mövzuların aktual olduğu hazırkı dövrdə belə bir koalisiyanı ən mümkün variantlardan biri kimi dəyərləndirirlər.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.