CƏMİYYƏT
Avstriyadan idxal olunan istifadəyə yarasız 100 kiloqram qida qatqısı məhv edilib
Bakı, 15 yanvar, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin olunması istiqamətində nəzarət tədbirləri davam etdirilir. Xarici ölkələrdən ölkəmizə idxal edilən yeyinti məhsulları risk əsaslı ekspertizaya cəlb olunur.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində yanvarın 12-də “TAC” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Avstriyadan ölkəmizə idxal olunan “Sustain” əmtəə nişanlı qida qatqısından götürülən nümunələr Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarında müayinə edilib.
Aparılan müayinələr nəticəsində mineral suda mezofil aerob və fakultativ-anaerob mikroorqanizmlərin miqdarının normadan çox olduğu, məhsulların qüvvədə olan texniki normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən olunub. Bununla əlaqədar olaraq istifadəyə yararsız “Sustain” əmtəə nişanlı 5 litrlik qablaşdırmada 20 ədəd, ümumi çəkisi 100 kiloqram qida qatqısı məhsulu partiyası “Təhlükəli tullantılar” poliqonunda məhv edilib.