REGİONLAR
Avstriyalı qonaqlar Sumqayıt Kimya Sənaye Parkı ilə tanış olublar
Sumqayıt, 22 aprel, Ətrabə Rzayeva, AZƏRTAC
Avstriya Sənayeçilər Konfederasiyası yanında Yuxarı Avstriya Federal əyalətinin Gənc Sənayeçilər Təşkilatının icraçı direktoru Sebastyan Badisk, Avstriya Federal İqtisadiyyat Palatasının Türkiyə, Azərbaycan və Gürcüstan üzrə nümayəndəsi Georq Karabaçek və 20-dən çox avstriyalı iş adamı Sumqayıt Kimya Sənaye Parkında olub.
AZƏRTAC xəbər verir ki, qonaqlar Sumqayıt Kimya Sənaye Parkında rezidentlər üçün yaradılmış güzəşt mexanizmləri və xidmətlərlə tanış olublar. Bildirilib ki, parkın yeraltı və yerüstü infrastrukturunun tikintisi dövlət büdcəsi tərəfindən maliyyələşdirilir ki, bu da investisiya layihələrini daha səmərəli edir.
Görüşdə Sumqayıt Kimya Sənaye Parkının rezidentləri və onların istehsal etdikləri məhsullar, eləcə də Mingəçevir, Qaradağ və Pirallahı sənaye parkları haqqında məlumat qonaqların diqqətinə çatdırılıb. Habelə sənaye parkına sərmayə yatırılmasının perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Daha sonra qonaqlar Sumqayıt Kimya Sənaye Parkının ərazisində aparılan tikinti işləri, parkın rezidenti olan “STP” MMC-nin Kabel Zavodu və Dəqiq Mexanika Zavodunda, həmçinin “SOCAR Polymer” MMC-də istehsal prosesini izləyiblər. Qonaqlara bu rezidentlərin fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.