DÜNYA


Avstriyanın federal əyalətlərində peyvənd kampaniyasına nəzarət gücləndirilib

Vyana, 23 yanvar, AZƏRTAC

Dünyanın bir çox ölkəsində olduğu kimi, Avstriyada da ötən ilin sonundan koronavirusa qarşı vaksinasiya kampaniyası həyata keçirilir. İlk mərhələdə ölkədəki ahıllar evlərinin sakinləri, yaşı 80-dən yuxarı, risk qrupuna daxil olan şəxslər və tibbi heyətə peyvənd vurulur.

AZƏRTAC xəbər verir ki, artıq ölkənin bir çox bölgələrində yuxarıda göstərilən kateqoriyaya daxil olmayan şəxslərə peyvənd vurulması halları aşkarlanıb. Vaxtından əvvəl peyvənd olunmağa can atanlar isə, ilk növbədə, siyasətçilər, yerli bələdiyyələrin rəhbərləri, şəhər merləri və onların ailə üzvləridir. Ahıllar evləri bələdiyyələrin nəzdində olduğuna görə bələdiyyə rəhbərlərinin peyvənd dozalarının kənar şəxslərə də vurulmasını təşkil etdikləri aşkarlanıb. Məhz bu halların qarşısını almaq üçün federal əyalətlərdə ahıllar evlərində həyata keçirilən vaksinasiya prosesinə nəzarət edəcək xüsusi şəxslər təyin olunub.

Avstriyanın federal səhiyyə naziri Rudolf Anşober növbədənkənar peyvənd vurulma hallarını sərt tənqid edib və hamının vaksinasiya strategiyasının tələblərinə uyğun şəkildə davranmalı olduğunu tələb edib. Qeyd edilib ki, ilin əvvəlindən indiyədək Avstriyada 162 min peyvənd dozası tətbiq olunub və hədəf ilin ortalarınadək ölkə əhalisinin 70 faizinin peyvənd edilməsinə nail olmaqdır. Eyni zamanda, əhali arasında peyvəndə marağın getdikcə artmasını müsbət qiymətləndirən R.Anşober aprel ayından etibarən ölkəyə gətiriləcək peyvənd dozalarının həcminin artacağını da bildirib.

Federal Kansler Sebastian Kurts da bəzi bələdiyyələrdə baş verən növbədənkənar peyvənd hallarını “əxlaqi cəhətdən məyusedici” hal kimi dəyərləndirib və təyin edilmiş koordinatorların gələcəkdə bu kimi mənfi halların qarşısını qətiyyətlə alacaqlarını bildirib.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.