DÜNYA


Avstriyanın yeni Federal Kanslerinin andiçmə mərasimi keçirilib

Vyana, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da bir sıra dəyişikliklərdən sonra Avstriya hökumətinin yeni tərkibinin andiçmə mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, prezident administrasiyasının yerləşdiyi “Hofburq“ sarayında keçirilən mərasimdə dövlət başçısı Aleksander Van der Bellen qısa çıxış edib və yeni hökumət üzvlərini ölkənin həyatında çətin dövr sayılan koronavirus böhranı dövründə səylə işləməyə çağırıb.

Mərasimdə 52 günlük kanslerlik fəaliyyətindən sonra istefa verən Aleksander Şallenberqin vəzifəsinə təyin edilən Karl Nehammer yeni Federal Kansler kimi and içib. A. Şallenberq isə əvvəlki postuna – xarici işlər naziri vəzifəsinə geri dönüb.

Karl Nehammer daxili işlər naziri vəzifəsini tərk etdiyinə görə yeni daxili işlər naziri Qerhard Karner olub. Hökumətdə kadr dəyişikliyi çərçivəsində təhsil naziri də dəyişdirilib və Qrats Universitetinin rektoru Martin Polaşek indiki nazir Haynts Fasmannı əvəzləyib. Maliyyə naziri vəzifəsini isə Aşağı Avstriya Landtaqının sədr müavini Maqnis Brunnen tutacaq.

Hökumətin yeni tərkibinin, xüsusilə də Federal Kansler K. Nehammerin qarşısında duran əsas vəzifə ölkədəki pandemiya ilə bağlı vəziyyəti nəzarətdə saxlamaqdan ibarət olacaq. Dekabrın 12-də başa çatmalı olan lokdaundan sonra məhdudiyyətlərin hansı formada aradan qaldırılması, məcburi peyvənd prosesinin təşkili, iqtisadiyyatın dirçəldilməsi və iş yerlərinin qorunub saxlanması hazırda hökumətin qarşısında duran əsas suallardır. K. Nehammer bu mühüm istiqamətlər üzrə ən qısa zamanda öz idarəçilik səriştəsini ortaya qoymalıdır. Əks halda, yaxın aylarda ölkədə növbədənkənar parlament seçkiləri qaçılmaz olacaq.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Vyana 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.