CƏMİYYƏT
Avtomobildə gizlədilən xeyli miqdarda dərman preparatları aşkarlanıb
Bakı, 12 aprel, AZƏRTAC
Gömrükçülər avtomobildə gizlədilən xeyli miqdarda dərman preparatları aşkar edib.
Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə Rusiyadan daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 21901" markalı nəqliyyat vasitəsi saxlanılıb və gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin müxtəlif yerlərində gömrük nəzarətindən gizlədilən xeyli miqdarda - 32 adda dərman preparatı, 60 ədəd tibbi gigienik şam və müxtəlif dərman preparatına məxsus, cəmi 97 boş qutu və plastik qablar aşkarlanıb. Bu mallar avtomobilin salonunda, sürət ötürücüləri qutusunun örtüyünün alt hissəsində olan boşluqlarda, ön paneldə əşyalar qoymaq üçün nəzərdə tutulan yerin altındakı örtüyün arxasında olan boşluqda, hava filtrinin içərisində, arxa sağ və sol qapıların örtüklərinin arxasındakı boşluqlarda və nəhayət, yük yerindəki ehtiyat təkərin içərisində aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.