CƏMİYYƏT
Avtomobildən və evdən pul, mobil telefonlar oğurlamaqda şübhəli bilinən şəxslər yaxalanıblar
Bakı, 8 iyul, AZƏRTAC
Paytaxtda oğurluqla məşğul olan şəxslər tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 5-də Binəqədi rayonundakı “Toyota” markalı avtomobildən 325 manat məbləğində pul, 1890 manat dəyərində videomüşahidə qurğusu, eynək, geyim əşyaları, oyun diskləri və mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini M.İbrahimov rayon polis idarəsi 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
İyulun 6-da Nizami rayonunun Keşlə qəsəbəsindəki evlərin birindən 400 manat məbləğində pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Cəlilabad rayon sakini N.Hüseynov Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaxalanıb.
Faktlarla bağlı təhqiqat aparılır.