CƏMİYYƏT
Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər yaxalanıblar
Bakı, 5 noyabr, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində paytaxt ərazisində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 2 “VAZ-2106” və 1 “Daewoo” markalı avtomobillərdən akkumulyator və 210 manat pul oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Sadiq Yusubov saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində “Audi”, “Hyundai” və “Dong-Feng” markalı 3 avtomobildən pul, maqnitofon və sənəd oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Rövşən Novruzov saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə 4 avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən Bakı şəhər və Ucar rayon sakinləri olan 4 nəfər saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.