İQTİSADİYYAT
Avtovağzal dairəsinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi ilə bağlı təmir işləri yekunlaşmaq üzrədir VİDEO
Bakı, 17 aprel, AZƏRTAC
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda təmir işlərinin 80 faizi yekunlaşıb.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ümumi uzunluğu 1070 metr olan yolda 445 metr uzunluğunda 15 aşırımdan ibarət estakada da inşa olunub. Hazırda estakada üzərində məhəccərlərin quraşdırılması və asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri gedir.
Layihə üzrə işlərin bu ilin may ayı ərzində başa çatdırılması planlaşdırılır.
Yol istifadəyə verildikdən sonra Sumqayıt şəhəri istiqamətindən gələn nəqliyyat vasitələri, eləcə də Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna maneəsiz çıxa biləcəklər.