CƏMİYYƏT
Əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş şəxsdə silah aşkarlanıb
Bakı, 6 sentyabr, AZƏRTAC
Daxili işlər orqanları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə uğurlu əməliyyat-axtarış və profilaktik tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində üzərində qanunsuz silah daşımaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş X.Axundov saxlanılıb. Şəxsi axtarış zamanı onda nömrəsi silinmiş “Naqan” markalı tapança və beş ədəd patron aşkarlanaraq götürülüb.
Polis əməkdaşları tərəfindən aparılan digər əməliyyat və profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Ü.Məmmədov tapdığı “TT” markalı tapançanı, 15 ədəd patronu və iki ədəd patron darağını könüllü olaraq Səbail Rayon Polis İdarəsinə təhvil verib.