CƏMİYYƏT
Axtarışda olan 44 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib
Bakı, 16 fevral, AZƏRTAC
Daxili İşlər Nazirliyi (DİN) fevralın 15-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ötən gün ərzində törədilmiş 30 cinayətin üstü respublikanın daxili işlər orqanları tərəfindən “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 44, o cümlədən borclu şəxs qismində axtarılan 19 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyənləşdirilib.
Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.