SİYASƏT


Aydın Hüseynov: Meydanda Dəmir yumruq, masada dəmir iradə

Bakı, 7 oktyabr, AZƏRTAC

Ermənistan hakimiyyəti, diasporu və lobbisinin Azərbaycan əleyhinə bütün təzyiq və təxribat cəhdləri puça çıxır.

Bu fikri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra kapitulyasiya sənədinə imza atan Ermənistan tərəfi bundan sonra hər vəchlə sülh müqaviləsini imzalamaqdan boyun qaçırır. Prosesi yubatmaq istəyən Ermənistan hərbi siyasi müstəvidə təxribatlara əl atır. Hərbi təxribatlarına sarsıdıcı cavablar alan Ermənistanın siyasi müstəvidəki həmlələri də effekt vermir.

“Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirməkdən imtina edən Paşinyan hakimiyyəti "status" və Minsk qrupu kimi “ölü” mövzuları diriltməklə vaxt qazanmağa və xarici oyunçuları aktivləşdirməyə çalışır. Amma cəbhədə “Dəmir yumruq”la qarşılaşan Ermənistan danışıqlar zamanı da Prezident İlham Əliyevin dəmir iradəsi ilə üzləşir. Dövlətimizin başçısı İlham Əliyevin Praqada “Avropa siyasi birliyi” Zirvə Toplantısındakı qətiyyətli mövqeyi və açıqlamaları bir daha göstərdi ki, Azərbaycan heç bir halda haqlı mövqeyindən əl çəkməyəcək və güzəştə getməyəcək. Görünən odur ki, Azərbaycan müharibədən sonra yaranmış yeni reallıqları hər kəsə qəbul etdirir”, - deyə A.Hüseynov vurğulayıb.

Deputatın sözlərinə görə, Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” sözləri mövcud vəziyyəti çox gözəl ifadə edir. Artıq bütün dünya ictimaiyyəti aydın dərk edir ki, Qarabağ Azərbaycandır. “Bəli, məhz Prezident İlham Əliyevin dəmir iradəsi, qətiyyəti və prinsipiallığı reallığı dünya ictimaiyyətində qəbul etdirdi. Azərbaycan həm hərbi, həm də diplomatik müstəvidə güclü tərəfdir. Bu "Dəmir yumruq" və Dəmir iradənin təntənəsidir”, - deyə Aydın Hüseynov bildirib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.