ELM VƏ TƏHSİL
Aytən Mustafazadə: ölkədə bütün sahələri əhatə edən islahatlar həyata keçirilir
Bakı, 13 may, AZƏRTAC
Ötən illər ərzində həyata keçirilmiş uğurlu sosial və iqtisadi islahatlar, təkmil sosial müdafiə sisteminin gücləndirilməsi, genişmiqyaslı infrastruktur quruculuğunun davam etdirilməsi Azərbaycan dövlətinin beynəlxalq pozitiv imicinin möhkəmləndirilməsini təmin etməklə yanaşı, ölkəmizə olan etimadı əhəmiyyətli dərəcədə artırıb. Ölkədə təhlükəsizlik və sabitlik mühitinin davamlı olaraq gücləndirilməsi böyük sərmayələrin cəlb olunması üçün geniş imkanlar açıb.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı, hüquq elmləri doktoru, professor Aytən Mustafazadə deyib.
O bildirib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkədə bütün sahələri əhatə edən islahatlar həyata keçirilir. Ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatlar məhkəmə-hüquq sistemində islahatların aparılmasını zəruri edir.
Dövlətimizin başçısının 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı bu sahədə də islahatların keyfiyyətcə yeni mərhələyə keçdiyini bir daha təsdiqləyir. Fərman özünün proqram xarakteri ilə diqqəti cəlb edir. Azərbaycan Respublikasının inkişafının müasir səviyyəsi məhkəmə-hüquq sisteminin səmərəliliyinin xeyli artırılmasını tələb edir. Buna uyğun olaraq, ölkə rəhbəri məhkəmə-hüquq sisteminin fəaliyyətində ciddi səmərəliliyə nail olunması məsələsini diqqət mərkəzində saxlayır. Fərman məhkəmə-hüquq sisteminin müasir tələblərə uyğun təkmilləşdirilməsinə imkan verəcək kompleks addımların atılması üçün ciddi normativ əsası təqdim edir. Bu baxımdan, Fərman Azərbaycanda məhkəmə-hüquq sistemi işinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün “yol xəritəsi” kimi nəzərdən keçirilə bilər.
“İnanıram ki, bu Fərmanla ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələ başlanacaq və bu sahədə islahatlar dərinləşəcək” – deyə Aytən Mustafazadə qeyd edib.
O bildirib ki, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun əsas məqsədi hüquq, insan hüquq və azadlıqları problemlərinə dair elmi-tədqiqat işlərinin aparılması, elmi tövsiyələrin hazırlanması və bu sahədə hüquqi biliklərin dərinləşdirilməsini təmin etməkdən ibarətdir.