Ayxan Hacızadə: Fransanın rəsmi qurumları təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır
AzerTAg.az

Bakı, 31 mart, AZƏRTAC
Fransanın Overn-Ron-Alp bölgəsinin regional şurasının sədri Loran Vokye Azərbaycan ərazilərində yaradılmış qondarma rejimin “xarici işlər naziri” kimi özünü təqdim edən Sergey Kazaryan ilə İrəvanda görüşü zamanı təmsil etdiyi regionun dəstəyi və bayrağı altında Fransanın erməni icmasının təşkilatları ilə birgə humanitar yardım konvoyunun Laçın yolundan keçirəcəyini bildirib.
AZƏRTAC xəbər verir ki, Fransanın Overn-Ron-Alp bölgəsinin regional şurasının sədrinin açıqlamasını şərh edən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib: “Azərbaycanın keçmiş işğal altında olan ərazilərində yaradılmış qondarma separatçı rejimin “nümayəndəsi” ilə qeyd edilən görüş qanunsuz rejimin təbliğatına hesablanıb və Azərbaycanın suverenliyi və ərazı bütövlüyünə qarşı fəaliyyət kimi qiymətləndirilir.
Fransanın rəsmi qurumları bu kimi təhrikçi və təxribatçı fəaliyyətlərə son qoymalıdır.
Azərbaycan Respublikasının qanunvericiliyi, eləcə də beynəlxalq tanınmış qaydalara və normalara uyğun olaraq, Azərbaycanın suveren ərazilərində hər hansı bir humanitar fəaliyyət Azərbaycan hökuməti ilə razılaşdırılmalı və əlaqələndirilməlidir”.
Xəbərin mətnində orfoqrafik səhv var