ELM VƏ TƏHSİL
AzTU-da seminar: “Sağlam həyat tərzinin viruslu hepatitlərin yaranmamasında rolu”
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan Texniki Universitetində (AzTU) Hind klinikasının həkimləri tərəfindən “Sağlam həyat tərzinin viruslu hepatitlərin yaranmamasında rolu” mövzusunda seminar keçirilib.
AzTU-dan AZƏRTAC-a bildiriblər ki, seminarda bu ali məktəbin prorektoru, professor İsa Xəlilov dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb.
Ölkəmizdə gənclərə daim xüsusi diqqət və qayğı göstərildiyini qeyd edən prorektor vurğulayıb ki, gənclər siyasətinin təməlində onların sağlamlığının təmin olunması, yoluxucu xəstəliklərdən qorunması dayanır.
Hind klinikasının rəhbəri Ronald Dmello və klinikanın həkim-koordinatoru Şəfaqət Tağıyeva viruslu hepatitlərin (B, C, D) yaranma, yayılma səbəbləri, əsas əlamətləri, ilkin yardım və profilaktikası haqqında ətraflı məlumat veriblər. Qeyd olunub ki, xəstəlik aşkarlandıqda tezliklə müalicə aparılmazsa, həyati təhlükə yaranır və müalicənin gecikdirilməsi tam sağalma ehtimalını azaldır.