ELM VƏ TƏHSİL
AzTU-da tədrisin innovativləşməsi istiqamətində müsbət irəliləyiş əldə olunub
Bakı, 15 oktyabr, AZƏRTAC
Rusiyanın Cənubi Ural Dövlət Universitetinin tədris materialları və laboratoriya avadanlığı hazırlayan “Uçtex-Profi" Mərkəzinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) olublar.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor, professor Sübhan Namazov universitetdə tədrisin innovativləşməsi, dünya təhsil standartlarına uyğunlaşdırılması, eləcə də qabaqcıl texnologiyaların tədris laboratoriyalarında tətbiqi ilə bağlı məlumat verib. Bildirib ki, son illər universitetin laboratoriyaları üçün ABŞ, Türkiyə, Avropa və Şərqi Asiya ölkələrindən, həmçinin Rusiyadan bir sıra avadanlıq alınıb.
“Uçtex-Profi” Mərkəzinin satış direktoru Maksim Kalyaqin təmsil etdiyi müəssisə haqqında məlumat verərək birgə əməkdaşlıq sahələrindən danışıb. Qeyd edib ki, Mərkəz tərəfindən hazırlanan tədris materialları və laboratoriya avadanlığı ən son texnologiyalara əsaslanır.
Görüşdə AzTU ilə “Uçtex-Profi” arasında əməkdaşlıq perspektivlərinin ətraflı araşdırılması və mümkün təkliflər üzərində iş aparılması barədə razılıq əldə edilib.