REGİONLAR
Az kalorili, yüngül və ləzzətli çərəz – meyvə lavaşı VİDEO
Ağstafa, 18 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Turş meyvələrdən, xüsusən alça və zoğaldan hazırlanan lavaşlar əsrlərlə milli mətbəximizdə xüsusi yer tutub. Adətən yayda meyvələri lavaşa çevirib qışa saxlayırlar və soyuq aylarda geniş istifadə edilir. Bu meyvə quruları fruktoza tərkibli olduğundan şəkər xəstələri də istifadə edə bilər.
AZƏRTAC xəbər verir ki, Ağstafa rayonunun bəzi kəndlərində meyvə lavaşlarını bu gün də hazırlayan ailələr var. Lavaşları, həmçinin müxtəlif meyvələrin qarışığından da hazırlamaq mümkündür. Meyvə lavaşları böyüklər və balacalar üçün az kalorili, yüngül və ləzzətli çərəz hesab olunur. Hazırlanması olduqca asan başa gələn meyvə lavaşlarını adətən günəşli gündə qurudurlar.
Uzun illərdir meyvənin həm qurusunu, həm də lavaşını hazırlayan Ağstafa rayonunun Qaçaq Kərəm kənd sakini Cəvahir Kərimova deyir ki, meyvələrin təmizliyinə xüsusi diqqət yetirmək lazımdır. “Meyvə lavaşı hazırlayarkən onu əvvəlcə yaxşı yuyuruq, daha sonra qaynadılıb bişirilir. Bişəndən sonra süzgəcdə qabığından təmizlənir, suyu çəkilir. Sonuncu prosesdə nazik qatla məcməyilərə tökülür və qurudulur”, – deyə C.Kərimova bildirir.
Hətta turş meyvələri xoşlamayan bəzi uşaqlar onun lavaşını həvəslə yeyirlər. Meyvə lavaşı uzun müddət keyfiyyətini itirmir.
Meyvə lavaşını həm Günəş işığı altında qurutmaqla, həm sobada 50-90 dərəcədə, həm də xüsusi meyvə qurudan avadanlıqda qurudaraq hazır etmək də mümkündür.