SİYASƏT
AzərTAc dünya informasiya siyasətini müəyyənləşdirən bir çox nüfuzlu təşkilatların ən fəal üzvlərindən biridir VİDEO
Bakı, 2 iyun (AZƏRTAC). AZƏRTAC dünya informasiya siyasətini müəyyənləşdirən bir çox nüfuzlu təşkilatların ən fəal üzvlərindən biridir.
Bu sözləri Dünya Xəbər Agentlikləri Konqresi Şurasının Bakıda keçirilən iclası ilə əlaqədar jurnalistlərə müsahibəsində AZƏRTAC-ın baş direktoru Aslan Aslanov demişdir.
AZƏRTAC-ın üzv olduğu belə beynəlxalq qurumlardan birinin də Dünya Xəbər Agentlikləri Konqresi olduğunu bildirən baş direktor demişdir: Bu təşkilat 100-dən çox agentliyi, nüfuzlu informasiya təşkilatlarını özündə birləşdirir. Konqresin Nizamnaməsinə əsasən, bu təşkilata Dünya Konqresinin sədri rəhbərlik edir və o, hər üç ildən bir səs çoxluğu ilə seçilir. Digər təşkilati məsələlər isə Konqresin Şurası tərəfindən müəyyən olunur. Şuraya bir sıra nüfuzlu agentliklər və informasiya təşkilatlarının rəhbərləri daxildir. Nizamnaməyə əsasən, onlar 2016-cı ilədək Bakıda toplaşmalıdırlar.
Bildiyiniz kimi, ötən ilin noyabrında Ər-Riyadda Dünya Xəbər Agentliklərinin IV Konqresində qərar qəbul olunmuşdur ki, növbəti Konqres 2016-cı ildə AZƏRTAC-ın təşkilatçılığı ilə Bakıda keçirilsin. 2016-2019-cu illərdə AZƏRTAC bu təşkilata rəhbərlik edəcəkdir.
Aslan Aslanov qeyd etmişdir ki, dünyanın nüfuzlu agentlikləri rəhbərlərinin toplaşdığı bugünkü iclasda 2016-cı ildə Bakıda keçiriləcək Dünya Xəbər Agentliklərinin V Konqresinin mövzuları, keçirilmə vaxtı, iştirakçılarla bağlı məsələlər müzakirə olunacaq, təşkilati işlər ətrafında fikir mübadiləsi aparılacaqdır.