İQTİSADİYYAT
Azərbaycan Akkreditasiya Mərkəzi Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilata assosiativ üzv qəbul olunub
Bakı, 29 mart, Elvin Camalov, AZƏRTAC
Azərbaycan Akkreditasiya Mərkəzi Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilata (ILAC) assosiativ üzv qəbul olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə martın 29-da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədr müavini Niyazi Rəhimov mətbuat konfransında deyib.
O bildirib ki, Azərbaycanda istehsal olunan məhsulların ixrac imkanlarının artırılması üçün ölkəmizdə fəaliyyət göstərən laboratoriyaların beynəlxalq akkreditasiyadan keçirilməsi və məhsullara verilən sertifikatların xarici ölkələr tərəfindən tanınması ilə bağlı dövlət başçısının tapşırıqlarının icrası məqsədilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən müvafiq işlər görülür. Bu istiqamətdə əldə olunan növbəti uğur “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsin Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilata assosiativ üzv qəbul olunmasıdır.
Onun sözlərinə görə, Azərbaycan Akkreditasiya Mərkəzinin ILAC-a assosiativ üzv olması dünya ölkələri ilə ticarət əlaqələrində texniki maneələrin aradan qaldırılması, milli uyğunluğun qiymətləndirilməsi sisteminin dünya keyfiyyət infrastrukturuna qoşulması istiqamətində əhəmiyyətli addımdır. Əsas məqsəd Azərbaycanda akkreditasiya olunmuş laboratoriyalar tərəfindən verilən sınaq və kalibrləmə sənədlərinin beynəlxalq aləmdə tanınmasıdır. Bu isə öz növbəsində yerli məhsulların ixracı zamanı sahibkarların sənədləşmə üçün sərf olunan əlavə vaxt və maliyyə itkisinin qarşısının alınmasına gətirib çıxaracaq.
Niyazi Rəhimov qeyd edib ki, beynəlxalq təşkilata assosiativ üzvlük tam hüquqlu üzv istiqamətində son mərhələ sayılır. İSO 17011 “Uyğunluğun qiymətləndirilməsi. Uyğunluğun qiymətləndirilməsi üzrə orqanları akkreditasiya edən akkreditasiya orqanlarına ümumi tələblər” standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzinin beynəlxalq tələblərə uyğunluğu qiymətləndirildikdən sonra Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilatına tam hüquqlu üzvlüyü təmin ediləcək.
Komitə sədrinin müavini onu da əlavə edib ki, Azərbaycan Akkreditasiya Mərkəzi, eyni zamanda, Avropa Akkreditasiya Təşkilatının assosiativ üzvüdür. Hazırda Azərbaycan Akkreditasiya Mərkəzinin Avropa Akkreditasiya Təşkilatının (EA) ikitərəfli tanınma Sazişinə qoşulması ilə bağlı işlər davam etdirilir. Bu məqsədlə “Azərbaycanda milli akkreditasiya sisteminin gücləndirilməsi” adlı Avropa İttifaqının (Aİ) Tvinniq layihəsi icra olunur.
Məlumat üçün bildirək ki, Azərbaycan Akkreditasiya Mərkəzi 2012-ci ildə ILAC-ın müxbir üzvü olub. Müxbir üzvlük yalnız ILAC-ın təşkil etdiyi tədbirlərdə, konfranslarda iştirak etmək hüququ verib. İndi isə beynəlxalq təşkilata assosiativ üzv olmaqla Azərbaycan Akkreditasiya Mərkəzi təşkilatın texniki komitələrinin işçi qruplarında təmsil olunmaq, həmçinin qəbul edilən sənədlərə rəy və təkliflər vermək və səsvermədə iştirak etmək hüququ qazanır. Eyni zamanda, ILAC-ın loqosundan istifadə etmək imkanı yaranır.
Laboratoriyaların Akkreditasiyası üzrə Beynəlxalq Təşkilat laboratoriyaların akkreditasiyası sahəsində beynəlxalq təşkilatdır. ILAC 1977-ci ildə akkreditasiya nəticələrinin və kalibrləmə sınaqlarının qəbul edilməsini təşviq etməklə ticarətin inkişafına kömək etmək və beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi üçün yaradılıb. Təşkilatın yaradılmasında əsas məqsəd akkreditasiya orqanları arasında əlaqələrin qurulmasıdır. 2000-ci il noyabrın 2-də Vaşinqtonda 28 ölkədən olan 36 akkreditasiya orqanı ILAC-ın qarşılıqlı tanınması haqqında Sazişi imzalayıb. ILAC müqaviləsi müxtəlif ölkələrin laboratoriyalarında əldə edilmiş test və kalibrləmə nəticələrini tanıyaraq beynəlxalq ticarət sisteminin inkişafına töhfə verir.
Qeyd edək ki, “Azərbaycan Akkreditasiya Mərkəzi” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli 1234 nömrəli Fərmanı ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsis edilib. Mərkəz akkreditasiya üzrə prinsip və qaydalara riayət edilməsini, uyğunluğun qiymətləndirilməsi (təsdiqi) qurumlarının akkreditasiyasını və bu sahədə beynəlxalq təşkilatlarda təmsilçiliyin həyata keçirilməsini təmin edən milli akkreditasiya orqanıdır. Həmçinin mərkəz beynəlxalq təcrübə və yerli qanunvericiliyə əsasən akkreditasiya olunmuş qurumların fəaliyyətinə nəzarət etməklə inspeksiya qiymətləndirməsi aparır.