SİYASƏT
Azərbaycan-Argentina əlaqələri zəngin gündəliyə malikdir
Bakı, 30 aprel, AZƏRTAC
Argentinanın xarici işlər və etiqad naziri Susana Malkorranın Azərbaycanın müvəqqəti işlər vəkili Rəşad Aslanov ilə görüşündə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif aspektləri müzakirə olunub. Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüşdə qeyd edilib ki, Azərbaycan-Argentina ikitərəfli münasibətləri zəngin gündəliyə malikdir, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün potensial var. Tərəflər qarşılıqlı səfərlərin mühümlüyünü qeyd ediblər. Əlaqələrin inkişaf etdirilməsində, o cümlədən iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsində hər iki tərəfin maraqlı olduğu qeyd edilib.
Söhbət zamanı Ermənistan-Azərbaycan münaqişəsi, habelə ölkəmizin yerləşdiyi regionda baş verən hadisələr, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.