ELM VƏ TƏHSİL
Azərbaycan Avropa Şurasının Bioetika komitəsinin iclasında təmsil olunub
Bakı, 23 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Milli Bioetika Komitəsinin elmi katibi, biologiya üzrə fəlsəfə doktoru Gülnarə Balakişiyeva Fransanın Strasburq şəhərində Avropa Şurasının Bioetika komitəsinin 14-cü iclasında iştirak edib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Avropa Şurasına daxil olan 47 ölkənin təmsilçiləri ilə yanaşı, Orqan Transplantasiyası üzrə Avropa Komitəsi, Qanköçürmə üzrə Avropa Komitəsi, Uşaq Hüquqları Komitəsi, İnsan Hüquqları üzrə Əlaqələndirmə Komitəsinin nümayəndələrinin iştirak etdikləri tədbir bioetika sahəsində ölkələrdə olan yeniliklər haqqında məlumat mübadiləsi ilə başlayıb. İclasda Bioetika komitəsinin hazırladığı “Biotibb və sağlamlıq üzrə ictimai müzakirələr” layihəsi təqdim edilib, onun əsas məqsədləri geniş müzakirə olunub.
İclasın gündəliyində duran digər məsələ komitənin “2020-2025-ci illərdə Strateji Fəaliyyət Planı”nın müzakirəsi olub. İştirakçılar komitənin iş metodları və gələcək fəaliyyətləri haqqında təkliflərini irəli sürüb, bu istiqamətdə fikir mübadiləsi aparıblar. Eyni zamanda, psixi pozğunluğu olan şəxslərin məcburi xəstəxanaya yerləşdirilməsi və məcburi müalicəsi baxımından onların hüquqlarının qorunmasına dair əlavə protokol layihəsinə Avropa Şurasının digər müvafiq komitələrinin verdiyi rəylərin müzakirəsi aparılıb. Təklif edilən dəyişikliklərin edilməsi və layihənin təkmilləşdirilməsi istiqamətində işlərin davam etdirilməsi qərara alınıb.
İclasda uşaq hüquqlarının qorunması məsələsinə də toxunulub, yeni ailə formaları və bioetika aspektlərində uşaqların maraqlarının qorunmasının vacibliyi vurğulanıb.