İQTİSADİYYAT
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları Minatəmizləmə Agentliyi tərəfindən təlimatlandırılıblar
Bakı, 6 oktyabr, AZƏRTAC
İşğaldan azad edilmiş ərazilərdə infrastrukturun bərpası işlərinə cəlb edilən işçi heyət tərəfindən təhlükəsizlik qaydalarına ciddi riayət edilməsi, onların mina hadisəsindən qorunması, partlayıcı sursatlarla bağlı risklərin azaldılması məqsədilə zəruri tədbirlərin görülməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarına Minatəmizləmə Agentliyi tərəfindən Mina və Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə təlimləri keçirilib.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, azad edilmiş ərazilərdə xidmət göstərən agentliyin təhlükəsizliyə cavabdeh 64 vəzifəli şəxsi təlimdə iştirak edib və onlara “Partlayıcı Sursatların Təhlükəsinə dair Maarifləndirmə Şəhadətnaməsi” təqdim edilib.
Təlimdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub, həmçinin müxtəlif növ mina və sursatın vizual tanınması üçün maketlər nümayiş etdirilib.