İQTİSADİYYAT
Azərbaycan Banklar Assosiasiyasının üzvləri Türkiyənin meşə fondunun bərpasına töhfə veriblər
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 2-də Azərbaycan Banklar Assosiasiyasının (ABA) Rəyasət Heyətinin geniş tərkibdə növbədənkənar iclası keçirilib.
ABA-dan AZƏRTAC-a bildirilib ki, iclas zamanı qardaş Türkiyə Cümhuriyyətinin müxtəlif bölgələrində baş vermiş güclü meşə yanğınları, onun törətdiyi fəsadların bütün ABA üzvlərini sonsuz kədərləndirdiyi bildirilib, ölkəmizin bank icmasının bu fəsadların aradan qaldırılmasına dəstək verməyə hazır olduğu qeyd edilib.
Bank icması Azərbaycan Banklar Assosiasiyası ilə sıx əməkdaşlıq edən Türkiyə Banklar Birliyinin Türkiyənin yanğından zərər görmüş meşə fondunun bərpası və yanğının fəsadlarının aradan qaldırılmasına yönəlmiş təşəbbüslərdən birinə qoşularaq ölkəmizdə çalışan hər bir bank əməkdaşı tərəfindən 5 ədəd ağac tinginin verilməsinə dair yekdilliklə qərar qəbul edib.
Azərbaycan bank icması hər zaman bütün Azərbaycan xalqı və dövləti kimi qardaş türk xalqının və Türkiyə Cümhuriyyətinin yanındadır, onların sevinci sevincimiz, kədəri kədərimizdir.
ABA dağıdıcı yanğınlar nəticəsində həyatını itirmiş bacı və qardaşlarımızın ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyir.