Azərbaycan Beynəlxalq Bankı Böyük Britaniyanın “Berkeley Group” şirkəti ilə yeni layihənin icrasına başlamışdır
AzerTAg.az
Bakı, 23 aprel (AZƏRTAC, Samirə Quliyeva). Azərbaycan Beynəlxalq Bankı (ABB) Böyük Britaniyada yaşayış sahələrinin tikintisi ilə məşğul olan aparıcı şirkətlərdən biri - “Berkeley Group” ilə birlikdə yeni layihənin icrasına başlamışdır.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində ABB özünün VİP müştərilərinə Londonda həm nağd, həm də ipoteka ilə mənzil almaq imkanı yaradır.
“Berkeley Group”un satış meneceri Aleksandra Stak qeyd etmişdir ki, ABB-nin VİP müştəriləri Londonun istənilən yerindən mənzil ala bilərlər. Londonda satışa çıxarılan iki yaşayış kompleksindəki mənzillər yalnız ABB-nin VİP müştərilərinə təklif edilir. Mənzillərin qiyməti 340 min-25 milyon funt sterlinq arasında dəyişir. Londonda mənzil sahibi olmaq istəyən müştəri yaşayış sahəsini ehtiyatda saxlamaq üçün 5 min-20 min funt sterlinq geri qaytarılmayan depozit qoymalıdır.
Bildirilmişdir ki, mənzil təmirli formada müştəriyə təhvil verilir. Mənzil məşhur arxitektor və dizaynerlərin göstərişləri əsasında inşa və təmir edilir. Bu zaman müştərinin bəzi istəkləri nəzərə alınır. Londonda mülkiyyətə investisiya yatırmaq əlverişlidir. Çünki il ərzində burada daşınmaz əmlakın qiymətində 12 faizlik artım qeydə alınır.
Xəbərin mətnində orfoqrafik səhv var