CƏMİYYƏT
Azərbaycan Beynəlxalq Prokurorlar Assosiasiyasının Argentinada keçirilən toplantısında təmsil olunub
Bakı, 16 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstəriş və tövsiyələrinə uyğun olaraq, Azərbaycan Respublikasının prokurorluq orqanları bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı uğurla davam etdirir. Azərbaycanın prokurorluq orqanları dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı olan və 172-dən çox dövlətin prokurorluq orqanlarının üzvü olduğu Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) ilə səmərəli qarşılıqlı əməkdaşlığı davam etdirir və bu qurumun fəaliyyətinə öz töhfəsini verir.
Ölkəmizin Argentinadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, Assosiasiya tərəfindən dövri olaraq təşkil edilən beynəlxalq səviyyəli mötəbər tədbirlərin davamı kimi sentyabrın 14-15-də Argentina Respublikasının paytaxtı Buenos-Ayresdə BPA-nın İcraiyyə Komitəsinin növbəti iclası, 24-cü İllik Konfransı və Ümumi Yığıncağı keçirilib. “Müxtəlif hüquq sistemləri üzrə beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilmiş konfransda 100 ölkəni təmsil edən 500-dən artıq iştirakçı - müxtəlif dövlətlərin prokurorluq, məhkəmə, ədliyyə və digər hüquq-mühafizə orqanlarının, habelə beynəlxalq təşkilatların yüksək vəzifəli nümayəndələri iştirak edirlər.
Tədbirin əsas məqsədi dünyanın prokurorluq, ədliyyə, məhkəmə və digər hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə transmilli cinayət işlərinin təqibi zamanı beynəlxalq əməkdaşlıq ətrafında geniş fikir mübadiləsinin aparılması, eyni zamanda, bu sahədə mövcud olan kibercinayətkarlıq, korrupsiya ilə mübarizə, çirkli pulların yuyulması və əmlakın bərpası kimi qlobal çağırışlara dair müzakirələrin keçirilməsidir.
Yüksək səviyyəli tədbirdə ölkəmiz Azərbaycan Respublikası Baş prokurorunun müavini – Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisi, Assosiasiyanın vitse-prezidenti Kamran Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti ilə təmsil olunub.
Azərbaycanın Argentinadakı səfiri Rəşad Aslanov da tədbirlərdə iştirak edib.