ELM VƏ TƏHSİL
Azərbaycan Beynəlxalq Təhsil Sərgisində ADU da təmsil olunur
Bakı, 11 oktyabr, AZƏRTAC
Bakı Ekspo Mərkəzində keçirilən 13-cü Azərbaycan Beynəlxalq Təhsil Sərgisində Azərbaycan Dillər Universiteti (ADU) də stendi ilə təmsil olunur.
ADU-dan AZƏRTAC-a bildirilib ki, stenddə bu ali məktəbin fəaliyyətini, xidmətlərini və uğurlarını əks etdirən mükafatlar, bukletlər və digər nəşrlər təqdim olunur. Stenddə, həmçinin ADU-nun maliyyə vəsaiti hesabına çap olunmuş nəşrlər, kitablar, dərs vəsaitləri, eləcə də universitetdə mərkəzlərinin fəaliyyət göstərdiyi müxtəlif ölkələrin elm və mədəniyyət nümunələri nümayiş etdirilir.
Universitetin beynəlxalq əlaqələri, xarici ölkə universitetləri ilə təhsil mübadiləsi imkanları sərgi iştirakçılarının diqqətini çəkib. ADU-nun rektoru, akademik, Xalq yazıçısı Kamal Abdulla bildirib ki, son illər Azərbaycan təhsilinin inkişafına xüsusi diqqət ayrılır və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm işlər görülür. Bu baxımdan rəhbərlik etdiyi universitetin də Azərbaycanın qabaqcıl ali təhsil müəssisələrindən biri kimi özünəməxsus şəkildə fərqləndiyini deyən rektor beynəlxalq əlaqələr, dünya ölkələrinin elm və mədəniyyət mərkəzlərinin fəaliyyəti, savadlı kadr hazırlığı və peşəkar dil mütəxəssislərinin hazırlanmasının təhsilimizə töhfə olduğunu diqqətə çatdırıb.
Sərgi oktyabrın 12-də başa çatacaq.