MƏDƏNİYYƏT
Azərbaycan Budapeştdə keçirilən Womex-Dünya Musiqisi Exposunda iştirak edir VİDEO
Budapeşt, 23 oktyabr, AZƏRTAC
Macarıstanın Budapeşt şəhərində Womex-Dünya Musiqisi Eksposu keçirilir. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin aparıcı məsləhətçisi Nərgiz Abdullayeva və “Natiq” Ritm Qrupunun musiqiçiləri təmsil edirlər. Ekspo çərçivəsində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan musiqi alətlərinə və ümumiyyətlə milli musiqimizə həsr olunan sərgi təşkil edilib. 1994-cü ildən bu günədək həmin tədbirdə ölkəmizdən Baba Mahmudoğlu, Zabit Nəbizadə, Qoçaq Əsgərov, Mənsum İbrahimov, “Quba” və “Qarabağ” ansamblları, caz ifaçısı Elçin Şirinov iştirak ediblər.
Bu il Ekspo çərçivəsində Azərbaycan pavilyonu fərqli tərtibatla tamaşaçılara təqdim olunub. Qonaqlara Azərbaycanın milli musiqisinin təbliği məqsədilə kitablar, disklər paylanılır, xüsusi hazırlanmış Azərbaycan loqosu ilə USB-lər və müxtəlif rəngli çətirlər hədiyyə olunur.
Oktyabrın 22-də Womex çərçivəsində keçirilən konsertlər sırasında “Müpa” konsert salonunda “Natiq” Ritm Qrupunun solo konserti təşkil olunub. Musiqiçilərimizin çıxışları maraqla qarşılanıb. Konsertdən sonra “Natiq” Ritm Qrupu dünya musiqi festivallarına və bir sıra ekspolara dəvət alıb.
Oktyabrın 23-də sərgi çərçivəsində Azərbaycan pavilyonunda qonaqlar üçün “Happy hour” adlı tədbir keçiriləcək. Tədbirdə Azərbaycan mətbəxinin təbliği məqsədilə paxlava, milli şərablar və s. təqdim ediləcək.
Tədbir oktyabrın 25-dək davam edəcək.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt