MƏDƏNİYYƏT
Azərbaycan Bursada keçirilən köçəri oyunlarda geniş heyətlə təmsil olunur VİDEO
Bursa, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Türkiyənin Bursa vilayətinin İznik rayonunda keçirilən IV Dünya Köçəri Oyunlarında geniş tərkibdə və fəal təmsil olunur.
AZƏRTAC xəbər verir ki, idman oyunları kəndində bir neçə yerdə Azərbaycan həqiqətlərinin təbliğ olunduğu guşələr yaradılıb.
Azərbaycan idmançılarının çıxışları və ölkəmizi təqdim edən guşələr IV Dünya Köçəri Oyunlarında ən diqqətçəkən məqamlardan və məkanlardandır. İdman azarkeşləri və azərbaycansevərlər xalqımıza və ölkəmizə məhəbbətlərini bütün formalarda nümayiş etdirirlər.
Xatırladaq ki, idmançılarımız Türkiyədə keçirilən bu mötəbər yarışda milli idmanın 12 növündə - alış güləşi (2 növdə), kəmər güləşi, mas-restlinq, koreş, aşırtmalı aba güləşi, kapışmalı aba güləşi, pəhləvan güləşi, milli oxatma, yağlı güləş, kuraş, Qazax güləşində təmsil olunurlar.
Bundan başqa, TÜRKSOY, Azərbaycanın Türkiyədəki səfirliyi, eləcə də TİKA (Türk İşbirliği ve Koordinasyon Ajansı) tərəfindən qurulan çadırlarda Azərbaycanın tarixi, mədəniyyəti, mətbəx nümunələri təqdim olunur.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa