İQTİSADİYYAT
“Azərbaycan Dəmir Yolları” Baş Ələt stansiyasında mülki müdafiə məşqi təşkil etmişdir
Bakı, 18 aprel (AZƏRTAC). Aprelin 18-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) 2014-cü ildə mülki müdafiə tədbirlər planına müvafiq olaraq Baş Ələt stansiyasının ərazisində “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi” mövzusunda növbəti kompleks obyekt mülki müdafiə məşqi keçirilmişdir.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, bununla əlaqədar olaraq stansiyanın rəhbər işçiləri, fövqəladə hallar komissiyasının üzvləri, mülki müdafiə qüvvələri və şəxsi heyəti, stansiya ərazisində yerləşən digər dəmiryolu müəssisələrinin işçiləri məşqə cəlb olunmuşlar.
Məşqin əsas məqsədi fövqəladə hallar zamanı stansiyanın mülki müdafiə planlarının reallığını əks etdirmək, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsi, hadisə yerinə göndərilməsi, yaranmış vəziyyətin qiymətləndirilməsi, hadisə yerindən məlumatların toplanması, obyekt rəhbərinin, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsi, dəyəcək ziyanın müəyyən qədər azaldılmasının hərtərəfli dərindən təhlil edilməsi olmuşdur.
“Azərbaycan Dəmir Yolları” QSC-nin hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin təşkilatçılığı ilə keçirilən məşqdə stansiyanın obyekt rəhbərləri və fövqəladə hallar komissiyasının üzvləri, mülki müdafiə qüvvələri iştirak etmişlər.
Hazırlıq işləri “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Qurban Nəzirovun şəxsi nəzarəti ilə həyata keçirmişdir.
Baş Ələt stansiyasının ərazisində keçirilən obyekt məşqi həyəcan siqnalının verilməsi ilə başlamışdır. Qərargah rəhbəri, stansiyanın rəisi İqbal Nəcəfov məlumat vermişdir ki, şərti olaraq səhər saatlarında yağan güclü leysan nəticəsində yolları su basmış, stansiyanın girişində yolu torpaq yatağı yuduğundan vaqonlar relsdən çıxmış, neftlə yüklü vaqon aşıb və neft məhsulları əraziyə dağılmışdır.
Hadisə nəticəsində stansiyanın binalarında çatlar əmələ gəlmiş, inzibati binada qısa qapanma nəticəsində yanğın baş vermişdir. İşçilər arasında müxtəlif dərəcəli xəsarət alanlar və yaralananlar vardır. Stansiyada xidməti binaların bəzi sahələrində uçqunlar olmuşdur.
Məşq rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinə müvafiq göstərişlər vermişdir.
İctimai asayişi mühafizə manqası ərazini dərhal çəpərləmiş və postlarda dayanaraq əraziyə kənar şəxslərin daxil olmaması üçün tədbirlər görmüşlər. Səsgücləndirici vasitəsi ilə 1-2 dəqiqə ərzində “Yanğın həyəcanı” siqnalı verilmiş, müvəqqəti rabitə bərpa edilmiş, bərpa işlərinə başlanmış, yanğın söndürülmüşdür.
Təlimdən sonra keçirilən müşavirədə hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyin mülki müdafiə üzrə texniki inspektoru İsa Xudiyev çıxış edərək stansiyada mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirmişdir.