ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universiteti gənclərin təhsil və səyahət arzularını reallaşdıracaqdır
Bakı, 16 may (AZƏRTAC). Bu ilin yayında Azərbaycan Dillər Universitetinin (ADU) Dil Xidmətləri Mərkəzi Avstriyanın Vyana şəhərində dil kurslarına (alman, ingilis və fransız dilləri üzrə) səyahət təşkil edəcəkdir. Bu kurslar ADU-nun tələbələri ilə yanaşı, ölkənin digər universitetlərində təhsil alan gənclərin də marağına səbəb olmuşdur.
ADU-nun ictimaiyyətlə əlaqələr departamentindən AZƏRTAC-a bildirmişlər ki, bu cür səfərlərin hər il təşkil olunması planlaşdırılır. Universitetin Dil Xidmətləri Mərkəzi Böyük Britaniyanın məşhur dil məktəbləri ilə də danışıqlar aparmışdır. Bu ölkənin və bir neçə digər ölkənin dil kurslarına səfərlərin təşkili nəzərdə tutulur.
ADU-nun Dil Xidmətləri Mərkəzi (“Teach & Travel”) 2014-cü ilin fevralında yaradılmışdır. Bununla da, Azərbaycanda ilk dəfə 20 əcnəbi dilin ən yüksək səviyyədə tədrisi, xaricdə təhsil və səyahət, bütün növ şifahi və yazılı tərcümə xidmətləri, jurnalistika, kompyuter və dizayn kursları tələbələrin ixtiyarına verilmişdir. Mərkəzdə tədris prosesini universitetdə çalışan peşəkarlar, uzun illər ölkəmizdə və bir çox xarici ölkələrdə təcrübə qazanmış müəllimlər ən son innovativ üsullardan istifadə etməklə yüksək səviyyədə təşkil edirlər.
“Teach & Travel” Mərkəzində müxtəlif dillər, “General English”, “İELTS”, “TOEFL” proqramları üzrə dərslər keçirilir. İngilis dili ilə yanaşı, digər xarici dillərə də böyük maraq göstərilir. Mərkəzə müraciət edənlər arasında ADU-nun tələbələri ilə yanaşı, ölkənin digər ali məktəblərində oxuyan gəclər də vardır.
Mərkəzin təşəbbüsü ilə Azərbaycan-Amerika Şurası ilə aparılan danışıqlar nəticəsində burada danışıq klubu fəaliyyətə başlamışdır.
“Teach & Travel” Mərkəzində kursları uğurla bitirən şəxslərə sertifikatlar təqdim olunur.