ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində ödənişsiz serb dili dərsləri təşkil olunacaq
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) ölkəmizdə ilk dəfə serb dilinin tədrisinə başlanılıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, serb dilinin tədrisi ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar, elmi və akademik sahələrdə fəal əməkdaşlığın, mədəni bağlılığın möhkəmlənməsinə, xalqlarımızın bir-birinə daha da yaxınlaşmasına xidmət edir. Dərslər ADU-nun nəzdində fəaliyyət göstərən serb dili və mədəniyyəti mərkəzində keçirilir. Universitetin tələbələri burada serb dilinin tədrisi ilə yanaşı, Serbiya mədəniyyəti, ədəbiyyatı, tarixi ilə tanış olurlar. Bakı Dövlət Universitetinin dünya ədəbiyyatı kafedrasının müdiri, cənubi slavyan ədəbiyyatının Azərbaycanda tanınmış tədqiqatçısı, professor Cəlil Nağıyevin və digər elmi, akademik dairələrin nümayəndələrinin iştirakı ilə bu dili öyrənən tələbələr üçün Serbiyaya aid müxtəlif mövzularda seminarlar keçiriləcək. ADU bu universitetin tələbələri, eləcə də serb dilinə maraq göstərənlər üçün də şərait yaradır. Belə ki, universitetdə fəaliyyət göstərən serb dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə cari ilin noyabrından etibarən ödənişsiz serb dili dərsləri təşkil olunacaq.
Dərslər uzun müddət Serbiyada yaşamış, serb dili və mədəniyyət mərkəzinin müdiri, filologiya üzrə fəlsəfə doktoru Lalə Məcidova tərəfindən aparılacaq. Bununla yanaşı, dil daşıyıcısı tərəfindən aparılan şifahi nitq və dinləmə dərsləri tələbələrin öz bacarıqlarını inkişaf etdirmələrinə şərait yaradacaq.
Maraqlanan şəxslər dərslərə yazılmaq üçün serb dili və mədəniyyəti mərkəzinə müraciət edə bilərlər.