ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetində şəhid Ülvi Bünyadzadənin xatirəsi anılıb
Bakı, 1 oktyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) 20 Yanvar şəhidi, bu ali məktəbin tələbəsi olmuş Ülvi Bünyadzadənin xatirəsi anılıb.
ADU-dan AZƏRTAC-a bildirilib ki, filologiya və jurnalistika fakültəsinin dekanı Vüsalə Ağabəyli Ü.Bünyadzadənin milli azadlıq uğrunda mübarizə əzmindən və onun bədii yaradıcılığından danışıb. O deyib ki, Ü.Bünyadzadə günümüzədək yaşasaydı öz dövrünün məşhur ziyalı yazıçılarından biri olardı.
Ü.Bünyadzadənin bacısı, professor Könül Bünyadzadə ADU-da ildə iki dəfə qardaşının xatirəsinin anıldığını diqqətə çatdırıb və buna görə də universitet rəhbərliyinə minnətdarlığını bildirib. Ü.Bünyadzadə haqqında xatirələrini bölüşən K.Bünyadzadə qeyd edib ki, qardaşı içindəki həqiqətləri və gənclik missiyasını üzə çıxararaq öz şəxsiyyətinin qurucusu olub.
Tədbirdə digər çıxışçılar Ü.Bünyadzadənin azadlıq uğrunda mübarizəsindən, onun gənclərə örnək ola biləcək nümunəvi davranışından, yaradıcı fəaliyyətindən bəhs ediblər.