ELM VƏ TƏHSİL
Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutu xalçaçılıq sənətinə həsr olunmuş seminar keçirib
Bakı, 18 noyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutu “Qarabağ xalçaçılıq məktəbinin inkişafına Çin mədəni təsiri” adlı onlayn tələbə elmi seminarı keçirib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, seminarda Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Qarabağ "əjdahalı" xalçalarının minillik tarixi və mənşəyindən danışaraq, onların hər zaman unikal bədii-texniki xüsusiyyətləri və qədim rəmzi ilə seçildiklərini vurğulayıb. O, həmçinin Azərbaycanın xalçaçılıq sənətində ənənəvi Çin simvolları olan əjdahaların və fenikslərin, bulud motivlərin meydana gəlməsinin Azərbaycanın Çinlə Böyük İpək Yolu üzrə sıx ticarət və mədəni əlaqələri ilə bağlı olduğunu qeyd edib.
R.Abbasov, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərxalça" Açıq Səhmdar Cəmiyyətinin Tərtər, Ağdam, Füzuli filiallarının açılışında iştirak edərkən dediyi “xalça sənəti bu gün bizim milli sənətimizdir, milli sərvətimizdir və haqlı olaraq hesab edirik ki, xalçaçılıq sənətinin vətəni Azərbaycandır” - sözlərini xatırladıb.
ADU-nun çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələri seminarda Səfəvi dövrünün məşhur Qarabağ “əjdahalı” xalçalarının dizaynının və bədii ənənələrinin əsas motivlərinin - "Qasımuşağı", "Xətai", "Malıbəyli", "Bəhmənli", "Çələbi", orta əsr rəssam və şairi Sadiq bəy Əfşarın boyakarlığına dair traktatında təsvir olunan Azərbaycan xalçalarında “əjdaha” ornamental obrazlarının özəlliklərinin yaranması və formalaşmasına həsr olunmuş məruzələrlə çıxış ediblər.