ELM VƏ TƏHSİL
Azərbaycan Dövlət İqtisad Universitetində qış məktəbi yekunlaşıb
Bakı, 12 fevral, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) qış məktəbi başa çatıb.
UNEC-dən AZƏRTAC-a bildiriblər ki, akademik heyətinin elmi və pedaqoji potensialının yüksəldilməsi məqsədilə keçirilən qış məktəbində universitetin ictimai nəzarət şurasının üzvi, professor Şahlar Əsgərov “Biliyin qiymətləndirilməsinin fəlsəfəsi” və “Ekonofizika” mövzusunda məruzələrlə çıxış edib.
Məruzələrdə biliyin qiymətləndirilməsinin mahiyyətini açıqlanıb, Avropa ölkələrində ekonofizikanın bir fənn kimi tədris edildiyi vurğulanıb. Qış məktəbinin təşkilini yüksək qiymətləndirən professor deyib ki, bu bir çox cəhətdən faydalı olub. Dünyanın çox nüfuzlu alimləri burada maraqlı mövzularla çıxış ediblər. UNEC-in yüzdən çox müəlliminin qatıldığı təlimlər birbaşa təhsilin keyfiyyətinin yüksəldilməsinə və peşəkar mütəxəssis hazırlığına xidmət edir.
Müzakirədə fəal iştirak edən müəllimlərə Ş.Əsgərovun “Kamilləşən bəşəriyyət” kitabı hədiyyə olunub.
Qış məktəbində təlimçi qismində çıxış edən ABŞ-ın Lehi Universitetinin professoru Cill Sperandio UNEC-in akademik heyəti ilə fikir mübadiləsinin çox faydalı olduğunu diqqətə çatdırıb.
Fransanın Lion Universitetinin müəllimi Cennifer Veylon da öz təəssüratlarını bölüşüb. “Azərbaycanda, UNEC-də keçirdiyim bir həftə tədris təcrübəm üçün ən dəyərli günlər idi”, - deyən C.Veylon qış məktəbində böyük təcrübə keçdiyini bildirib. O, yenidən bu kollektivlə bir araya gələcəyi günü səbirsizliklə gözlədiyini, UNEC-lə bundan sonra da əməkdaşlıq etməkdən məmnun olacağını söyləyib.
Qış məktəbində UNEC ictimai nəzarət şurasının üzvləri də iştirak ediblər.