MƏDƏNİYYƏT


Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında “Ortaq mədəniyyət, ortaq miras” adlı sərgi açılıb

Bakı, 3 oktyabr, Məmməd Məmmədli, AZƏRTAC

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) muzey-sərgi kompleksində professor Minarə Quliyeva Cəmşidinin “Ortaq mədəniyyət, ortaq miras” adlı fərdi sərgisi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycan və Türkiyənin ortaq mədəniyyət və mirasını əks etdirən ortaq mövzular seçilərək 30 ədəd keçə sənəti nümunələri nümayiş olunub. Sərginin əsas məqsədi, müasir dövrdə türk dünyasının ortaq maddi-mədəni irsini qorumaq və gənc nəsillərə ötürməkdir. Nümayiş olunan əsərlərdə bütovlüyün təmin olunması üçün tapma, keçə, linoqravür texnikasından istifadə edilib.

Xalq Rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayev açılış mərasimində Minarə Quliyeva Cəmşidinin sərgidə döymə keçə ilə çox maraqlı işlər nümayiş etdirdiyini söyləyib. Bildirib ki, rəssam üçün sərgi hazırlamaq çox böyük məsuliyyətdir, çünki insanlar sərgiyə baxdıqdan sonra öz fikirlərini ictimaiyyətlə bölüşür.

Akademiyanın Geyim və Dizayn kafedrasının müdiri Nazim Yunusov bildirib ki, Minarə xanımın təhsili heç zaman bitmir: “O, bugünədək oxuyur, öyrənir, rəssamlıq sənətinin ən dərin qatlarına enir. O, həmçinin Türkiyə ilə Azərbaycan əlaqələrinə töhfə verir. Bu, bizim üçün yeni sərgidir. Çünki Minarə Quliyeva Cəmşidi Azərbaycanda moda ilə rəssamlığı sintez edən ilk rəssamdır”.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) rəhbəri və Dünya İslam Kulinariya Birliyinin vitse-prezidenti Tahir Əmraslanov bildirib ki, Minarə xanım onun yetirmələrimdən biridir: “Minarə Quliyeva Cəmşidinin ABŞ da sərgisindən sonra mən ona musiqini rəssamlığa gətirməyi tövsiyə etdim. O, mənə şaman paltarı geyinmək istədiyini bildirdi və biz Monqolustana səfər etdik. Minarə xanım şaman olmaya-olmaya bu paltarı geyinmişdi. O istedadlı bir rəssamdır. Onun fikirləri hər zaman sənətə yenilik gətirir”.

Minarə Quliyeva Cəmşidi bildirib ki, keçə sənətinə müraciət edərkən istifadə etdiyi simvollar qədim Göytürk yazılarıdır. O, bu sərgidə Azərbaycanın “Pazırıq” xalçasını, “Koroğlu” dastanın motivlərini, aşıq sənətini keçə üzərində əks etdirməyə çalışıb, həmçinin, sərgiyə toplaşanlara və onun bir rəssam kimi yetişməsində əməyi keçən müəllimlərinə təşəkkürünü bildirib.

Sərginin açılış mərasimində ADRA-nın rəhbər heyəti ilə yanaşı, bir sıra rəsmi qonaqlar, tələbə, müəllim heyəti iştirak edib.

Qeyd edək ki, rəssam 1985-ci ildə Bakıda anadan olub. 2001-2006-ci illərdə Bakı Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı üzrə filologiya fakültəsini, 2006-2010-cu illərdə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Memarlıq və Dizayn fakültəsinin modelyer-rəssam bölməsini bitirib. 2011-2014-cü illər arasında Dokuz Eylül Universiteti Təsviri incəsənət fakültəsinin tekstil və moda dizaynı bölməsində magistr təhsilini alıb, 2016-2020-ci illərdə isə eyni bölmədə doktorantura təhsilini tamamlayıb. 2015-2017-ci illərdə UNESCO-nun Dünya Xalq Yaradıcılıq Təşkilatının vitse-prezident olaraq çalışıb. Hazırda Ankara Hacettepe Universitetində türk folkloru üzrə doktorantura təhsilini davam etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.