İDMAN
Azərbaycan Dünya Köçəri Oyunlarında iştirak edəcək
Minsk, 31 avqust, AZƏRTAC
Sentyabrın 3-8-də Qırğızıstanın İssık-Kul vilayətində Dünya Köçəri Oyunları keçiriləcək. Bu barədə AZƏRTAC-a MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Dünya Köçəri Oyunları 2012-ci ildə Qırğızıstan Prezidenti Almazbek Atambayevin qloballaşma dövründə köçəri mədəniyyətini, dünya xalqlarının xüsusiyyətlərini və həyat tərzlərini dirçəltmək və qorumaq üçün təklif etdiyi layihədir. Məqsəd millətlərarası dialoqun və cəmiyyətdə həmrəyliyin, əcdadların ənənələri və köçəri mədəniyyətinin ümumiliyi, mənəvi zənginləşmə və hər bir köçəri xalqın ənənələrinin dirçəldilməsi ilə xalqlar arasında tolerant münasibətlərin aşılanmasına əsaslanan dünya köçəri xalqlarının birliyini möhkəmləndirməkdir.
İlk Dünya Köçəri Oyunları 2014-cü ildə Qırğızıstanda keçirilib. Bu il proqrama 20-dən çox yarış, o cümlədən at çapma, oxatma, ənənəvi intellektual oyunlar, milli ov növləri üzrə yarışlar daxil edilib. Bundan başqa, qonaqlar köçəri mədəniyyəti ilə yaxından tanış ola biləcəklər.
Dünya Köçəri Oyunlarında Azərbaycan, Argentina, Braziliya, Macarıstan, İsrail, İtaliya, Qazaxıstan, Çin, Latviya, Niderland, Pakistan, Rusiya Federasiyası, ABŞ və digər ölkələrdən komandaların iştirakı gözlənilir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk