CƏMİYYƏT
Azərbaycan “Elektron Hökumətin İnkişafı İndeksi” üzrə irəliləyib
Bakı, 1 avqust, AZƏRTAC
Hər iki ildən bir Birləşmiş Millətlər Təşkilatı tərəfindən dünya ölkələrində elektron hökumətin inkişaf səviyyəsini müəyyən edən sorğu keçirilir. “Elektron Hökumət Sorğusu” adlı bu araşdırmada əsas 2 göstərici, “Elektron hökumətin İnkişafı İndeksi” (E-Government Development Index-EGDI) və “Elektron İştirak İndeksi” (E-Participation Index -EPI) üzrə qiymətləndirmə aparılır.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildiriblər ki, sorğunun nəticələrinə görə, Azərbaycan 2016-cı ildə 2014-cü illə müqayisədə dünyanın 193 ölkəsi arasında EGDI üzrə 12 pillə irəliləyərək 56-cı yeri, EPI üzrə isə 30 pillə irəliləyərək 47-ci yeri tutub.
Azərbaycan əsas irəliləyişə məhz “Elektron Hökumətin İnkişafı İndeksi”ni təşkil edən meyarlardan biri olan “Onlayn Xidmət İndeksi” üzrə nail olub ki, bu da onun ümumi EGDI göstəricisinin 58 faiz artmasına səbəb olub. Eyni zamanda, sorğunun nəticələrinə dair hesabatda Azərbaycanın diqqətçəkən inkişafı və “Elektron İştirak İndeksi” üzrə dünya ölkələri arasında ilk əlliliyə daxil olması xüsusi vurğulanıb.
Nəticələrə əsasən, Azərbaycan bir sıra postsovet ölkələri daxil olmaqla, müxtəlif ölkələri geridə qoyub: Çin, Ukrayna, Gürcüstan, Ermənistan, Türkmənistan, Özbəkistan. Ermənistan isə 2014-cü illə müqayisədə EGDI üzrə 26, EPI üzrə isə 25 pillə geriləyib.
Bu irəliləyiş Prezidentin tapşırığına əsasən son illər Azərbaycanda dövlət orqanları, o cümlədən “ASAN xidmət” çərçivəsində Elektron Hökumət quruculuğu və elektron xidmətlərdən istifadə sahəsində həyata keçirilən davamlı layihələrin nəticəsidir.