İDMAN


Azərbaycan-Gürcüstan sərhədində Bakı-Tbilisi Ultra  Marafonu iştirakçısının qarşılanma mərasimi olub

Tbilisi, 10 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Bakı-Tbilisi Ultra Marafonunun iştirakçısı Yadigar Hüseynov mayın 10-da səhər saatlarında Gürcüstan ilə dövlət sərhədinə çatıb.

AZƏRTAC xəbər verir ki, sərhəddə marafonçunun təntənəli qarşılanma mərasimi keçirilib.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin, eləcə də hər iki ölkənin sərhəd xidmətlərinin əməkdaşları, ictimaiyyətin nümayəndələri Y.Hüseynovu böyük coşqu və sevinclə qarşılayıblar.

Yadigar Hüseynov göstərilən diqqətə və xoş qarşılanmaya görə səfirə, sərhəd xidmətinin rəhbərliyinə və ictimaiyyətin nümayəndələrinə minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun, Gənclər və İdman Nazirliyinin, Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən ultra marafon ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunub. Bakı-Tbilisi Ultra Marafonu həvəskar marafonçu Yadigar Hüseynovun iştirakı ilə keçirilir.

Mayın 5-də Bakıdan, Bayraq Meydanından start götürən marafonçu Gürcüstan sərhədinə qədər 500 kilometrə yaxın yol qət edib. Ultra marafon mayın 10-da Tbilisi şəhərindəki Heydər Əliyev parkında başa çatacaq.

Y.Hüseynov sərhəddən Gürcüstan paytaxtınadək daha 50 kilometr məsafə qət edəcək.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.