İQTİSADİYYAT
Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında üçüncü yerdədir
Tbilisi, 19 aprel, AZƏRTAC
Türkiyə, Rusiya və Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşlarıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, cari ilin 3 ayında Gürcüstanın xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 23,3 faiz artaraq 2,82 milyard dollar təşkil edib.
Qonşu ölkənin ixracatı 28,4 faiz artaraq 740,3 milyon dollara, idxalı isə 21,6 faiz artaraq 2 milyard 83,4 milyon dollara çatıb.
Gürcüstanın xarici ticarətinin 404,4 milyon dolları Türkiyə, 311,1 milyon dolları Rusiya ilə olub.
Azərbaycan ilə Gürcüstan arasında ticarət dövriyyəsi 270 milyon 209 min dollar təşkil edib.
Bu göstərici ilə Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları sırasında Türkiyə və Rusiyadan sonra 3-cü yerdədir.
Cari ilin birinci rübündə Azərbaycan qonşu ölkədən 76 milyon 435,2 min dollar həcmində məhsul idxal edib. Azərbaycandan Gürcüstana 193 milyon 774,1 min dollar dəyərində məhsul ixrac olunub.
Hesabat dövründə Gürcüstan Azərbaycandan ən çox neft və neft yağları, neft qazları, elektrik enerjisi, sement və gips, anhidrit və gipsli bağlayıcılar idxal edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi