İDMAN
“Azərbaycan Hava Yolları” QSC ilə “Bakı 2019”un Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb
Bakı, 24 iyun, AZƏRTAC
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) ilə “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi arasında rəsmi tərəfdaşlığa dair saziş imzalanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sənədi AZAL-ın prezidenti Cahangir Əsgərov ilə Gənclər və İdman naziri Azad Rəhimov imzalayıblar.
Sazişə əsasən AZAL festivalın rəsmi hava daşıyıcısı olub.
Nazir Azad Rəhimov böyük nüfuza və etimada sahib olan “Azərbaycan Hava Yolları” QSC-nin “Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi tərəfdaşı olmasının böyük önəm kəsb etdiyini vurğulayaraq deyib: “Azərbaycan ilə tanışlıq ölkəmizə gələn qonaqların təyyarəyə mindikləri andan başlayır. Biz idmançıların, texniki heyətin və onları dəstəkləmək üçün ölkəmizə gələcək qonaqların vətənimiz haqda ilk təəssüratlarının çox xoş olmasını istəyirik. Bunun üçün ən vacib məsələlərdən biri də təhlükəsizlikdir. Biz AZAL-ın bu məsuliyyətli işin öhdəsindən layiqincə gələcəyinə və öz xidmətlərini ölkəmizin qonaqlarına ən yüksək səviyyədə təqdim edəcəyinə əminik”.
AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib: “Son illərdə Azərbaycan mötəbər beynəlxalq tədbirlərə, o cümlədən nüfuzlu idman yarışlarına, festivallara yüksək səviyyədə ev sahibliyi edir. Azərbaycanın milli aviadaşıyıcısı olaraq “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının rəsmi hava daşıyıcısı olmaqdan böyük məmnunluq duyuruq. Artıq aviaşirkətimiz irimiqyaslı beynəlxalq tədbirlərin, o cümlədən ilk Avropa Oyunları, Formula 1, İslam Həmrəyliyi Oyunları, UEFA Avropa Liqasının finalı və digər idman tədbirlərinin keçirilməsində geniş təcrübəyə malikdir. Əminik ki, “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı ölkəmizə gələn bütün qonaqlar AZAL-ın ən yüksək səviyyədə xidmət səviyyəsindən məmnun qalacaqlar”.
İyulun 21-27-də Bakıda keçiriləcək festivalla əlaqədar Azərbaycana 3600-dən çox idmançı və texniki nümayəndə gələcək. Atletlər idmanın 10 növü üzrə - gimnastika, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında qüvvələrini sınayacaqlar. Festival zamanı 12 idman obyektində 2500-dən çox könüllü fəaliyyət göstərəcək.