İQTİSADİYYAT
“Azərbaycan Hava Yolları”nın bütün beynəlxalq uçuşları yeni terminaldan həyata keçiriləcəkdir VİDEO
Bakı, 13 iyun (AZƏRTAC, Ceyhun Rüstəmov). “Azərbaycan Hava Yolları” aviaşirkətinin bütün beynəlxalq uçuşları iyunun 14-dən etibarən Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni 1 nömrəli terminalından həyata keçiriləcək və təyyarələr burada qəbul olunacaqdır.
“Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli AZƏRTAC-a bildirmişdir ki, 15 İyun – Milli Qurtuluş Günü ərəfəsində belə bir qərarın qəbul edilməsi sərnişinlərin ürəyincə olacaqdır. Aviaşirkətin yerli hava xətləri üzrə uçuşları isə 2 nömrəli terminalın “Cənub” zonasından reallaşdırılacaqdır.
M.Səfərli vurğulamışdır ki, xarici aviaşirkətlərin təyyarələri 2 nömrəli terminalın “Şimal” zonasından yola salınacaq və qəbul ediləcəkdir.
Qeyd edək ki, ildə 6 milyon sərnişindaşıma gücünə malik Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi bu il aprelin 23-də Prezident İlham Əliyevin iştirakı ilə açılmışdır. Burada uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə beynəlxalq aviasiyada istifadə olunan ən son elmi-texniki nailiyyətlər tətbiq edilmişdir.