CƏMİYYƏT
Azərbaycan Hərb Tarixi Muzeyində “Müstəqilliyə aparan yol” mövzusunda tədbir keçirilib
Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də Azərbaycan Hərb Tarixi Muzeyində dövlət müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibətilə “Müstəqilliyə aparan yol” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə “18 oktyabr Azərbaycanın dövlət müstəqilliyi günüdür” mövzusunda məruzə ilə çıxış edərək 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra respublikamız uzun müddət SSRİ-nin tərkibində olsa da, xalqımızın həmişə müstəqillik arzusu ilə yaşadığını vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyev ölkəmizə rəhbərliyinin ilk dövrlərindən başlayaraq, həmişə Azərbaycana dövlət müstəqilliyinin bərpasına inanıb və bu istiqamətdə uzaqgörənliklə mühüm tədbirlər görüb. Əgər dahi şəxsiyyət ötən əsrin 70-ci illərində indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratmasaydı, dövlət müstəqilliyimizin qarantı olan bugünkü qüdrətli Silahlı Qüvvələrimiz haqqında danışmaq mümkün olmazdı. Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində atılan ən böyük addım 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə ilk Konstitusiyamızın qəbul edilməsi oldu.
Sonra məruzə ətrafında müzakirələr aparılıb.
Tədbirdə Dövlət Müstəqilliyi Gününə həsr olunan sənədli film nümayiş etdirilib.
Ehtiyatda olan polkovnik-leytenant İntiqam Mirzəyev və digər çıxış edənlər də diqqətə çatdırıblar ki, 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın qəbul edilməsinə baxmayaraq, həmin tarixi günə qovuşmağımız məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində mümkün olub. Heydər Əliyev deyirdi ki, Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir və müstəqilliyimiz daimidir, sarsılmazdır, əbədidir. Müstəqilliyin əvəzsiz nemət olduğunu və xalqın taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyev isə yürütdüyü qətiyyətli və uğurlu siyasətlə müstəqilliyimizi nəinki daha da möhkəmləndirdi, Azərbaycanı regionun lider dövlətinə, dünyada söz və nüfuz sahibinə çevirdi.
Mərasimdə Həzi Aslanov adına Ordu-İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının solistləri hərbi vətənpərvərlik mahnıları səsləndiriblər.